Mülki Məcəllə 49.3; Fidusiar Öhdəliklər

14.05.2023 14 dəqiqə oxuma müddəti
Paylaş

İŞİN QISA HALLARI1

İddiaçı, təsisçisi olduğu “Kaskad” firmasının ünvan 1 ünvanında yerləşən daşınmaz əmlaka dair alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, həmin daşınmaz əmlaka dair verilmiş Çıxarışın ləğv edilməsi, təsisçisi olduğu “Kaskad” firmasına dair Çıxarışın verilməsi, Cavabdeh1, Olqa Qasımova və Cavabdeh2 əməlində cinayət tərkibinin əlamətlərinin olması barədə xüsusi qərardad çıxarılmasını xahiş edib.

“Kaskad” firması (bundan sonra “Firma”) 1994-cü il tarixdə dövlət qeydiyyatına alınmış bir şirkətdir. 2013-cü il tarixli Çıxarışa əsasən Firmanın mülkiyyətində olan qeyri-yaşayış binası vardır. 02 iyul 2016-cı il tarixində Cavabdeh1 (həm Firmanın təsisçilərindən biri həm də qanuni nümayəndədir) İddiaçının (təsisçinin) xəbəri olmadan alqı-satqı müqaviləsi ilə qeyri-yaşayış binasını 50.000 manata Cavabdeh2 satıb. Cavabdeh1 arvadı Olqa Qasımova da satışa yazılı razılıq verib. Cavabdeh2 50.000 manat pul vəsaitini notariusun depozit hesabına köçürüb.

Birinci instansiya məhkəməsi alqı-satqı müqaviləsinin Mülki Məcəllədə (bundan sonra MM) müəyyənləşdirilmiş şərtləri pozmamaqla bağlandığı üçün, onun etibarsızlığı ilə bağlı heç bir əsas olmaması səbəbi ilə iddianı rədd etmişdir.

Bundan sonra məhkəmə işi dəfələrlə Apellyasiya və Kasassiya instansiyası məhkəmələrinin icraatında olmuş, müxtəlif qərarlar çıxarılmışdır. Lakin Kasassiya instansiyası məhkəməsinin gəldiyi son qərar yuxarıda göstərilən əsaslarla eyni olmuş, cavabdehlər arasında bağlanmış alqı-satqı müqaviləsinin etibarsız hesab edilməməsinə dair iddiaçının əleyhinə qərar çıxarmışdır.

149.3-Ali Mehkeme-alqı-satqı müqaviləsinin etibarsızlığı.pdf

HÜQUQİ ƏSASLANDIRMA

I. Əqdin (alqı-satqı müqaviləsinin) etibarsızlığı; MM 329.1, 334.1, 334.2, 337.1, 339-cu maddələrin tətbiqi

Kazusdakı faktlardan göründüyü kimi iddiaçı məhkəməyə cavabdehlər arasında bağlanmış alqı-satqı müqaviləsinin etibarsızlığına dair iddia ərizəsi ilə müraciət etmişdir. Lakin MM-in əqdlərin etibarsızlığına dair müvafiq normalarına nəzər yetirsək görərik ki, bağlanmış alqı-satqı müqaviləsinin etibarsızlığına aid ola biləcək hərhansı norma yoxdur. Belə ki, MM-də müəyyənləşdirilmiş şərtləri pozmaqla, bu Məcəllənin tələblərinə uyğun gəlməyən və ya onunla müəyyənləşdirilmiş qaydaları və qadağanları pozan əqd, habelə hakimiyyətdən sui-istifadə nəticəsində, aldatma, zorakılıq, hədə təsiri altında, bir tərəfin nümayəndəsinin digər tərəfə pis niyyətlə razılığa gəlməsi və ya şəxsin ağır vəziyyətə düşməsi nəticəsində bağlanmış əqd etibarsız sayıla bilər (MM 337.1 və 339-cu maddələri).

Əqdi etibarlılığı MM ilə müəyyən edilmiş formaya riayət edilməsi də zəruridir. MM-də göstərilmiş hallarda əqdlərin notariat qaydasında təsdiqlənməsi məcburidir. Daşınmaz əşyaların (o cümlədən yaşayış mənzilinin) alqı-satqısı haqqında müqavilə yazılı formada bağlandıqda və notariat qaydasında təsdiqləndikdə etibarlı sayılır. Əqdin notariat qaydasında təsdiqlənməsi Mülki Məcəllənin 331-ci maddəsinin tələblərinə uyğun gələn sənəddə notariusun və ya bu cür notarial hərəkəti yerinə yetirməyə hüququ çatan digər vəzifəli şəxsin təsdiqləyici qeyd etməsi yolu ilə həyata keçirilir. Mübahisəli məhkəmə işində alqı-satqı müqaviləsi 02 iyul 2016-cı ildə notarial qaydada təsdiq edilmişdir.

Müvafiq olaraq Kasassiya instansiyası məhkəməsi əqdin etibarsızlığı hissəsində düzgün nəticəyə gəlmişdir.


II Fidusiar öhdəliklər; MM 49.3, və 49.4.2  maddələrinin tətbiqi

Məhkəmə işinin faktlarından bizə məlumdur ki, Cavabdeh1 kimki Firmanın iddiaçı ilə birgə təsisçisidir, Cavabdeh2 ilə bağladığı alqı-satqı müqaviləsi barəsində iddiaçıya heç bir məlumat verməmişdir. Lakin bir digər fakta əsasən alqı-satqı müqaviləsi bağlanarkən Cavabdeh1 Firmanın qanuni nümayəndəsi qismində çıxış etmişdir. Bunu sübut edən fakt isə Firmanın dövlət reyestrində qanuni təmsilçi kimi qeyd olunmasıdır. Bu halda Cavabdeh1 faktiki olaraq alqı-satqı müqaviləsi bağlanarkən hüquqi şəxsin adından çıxış edən şəxs və müvafiq olaraq onu təmsil edən şəxs olmuşdur. Məhz bu səbəbdən Cavabdeh1 iddiaçıdan xəbərsiz Cavabdeh2 ilə bağladığı alqı-satqı müqaviləsi  ilə öz fudisiar öhdəliklərini lazımınca yerinə yetirməmişdir.

MM 49.3-cü maddəsində fidusiar öhdəliklərin icrası zamanı hüquqi şəxsi təmsil edən şəxsin (kazusda bu Cavabdeh1-dir) həmçinin hüquqi şəxsin idarəetmə orqanlarında(direktorlar şurası, icra orqanı) təmsil olunan hərhansı şəxsin etməli olduqları sadalanmışdır. Bu şəxslər hüquqi şəxsin mənafeləri üçün vəzifələrini yerinə yetirərkən vicdanla, peşəkar qaydada və məntiqlə hərəkət etmək, hüquqi şəxsin və onun bütün iştirakçılarının maraqlarına sadiq olmaq və hüquqi şəxsin maraqlarını öz maraqlarından üstün tutmaq, ehtiyyatlı olmaq, habelə qərarların qəbulu zamanı ədalətli və qərəzsiz olmağa borcludur.

Sadiqlik öhdəliyi fidusiardan korporasiyanın ən yaxşı maraqlarına uyğun və vicdanla hərəkət etməsini tələb edir. Mübahisəli məhkəmə işində Cavabdeh1 Firmanın qanuni təmsilçisi olduğu vaxt ərzində öz şəxsi maraqlarını Firmanın maraqlarından üstün tutaraq bütün iştirakçıların maraqlarına sadiq qalmamış və öz vəzifələrini vicdanla yerinə yetirməmişdir. Cavabdeh1-in alqı-satqı müqaviləsi bağlayarkən iddiaçını yəni şirkətin digər təsisçisini xəbərdar etməməsi onun öz vəzifələrini vicdanla yerinə yetirməməsinin bariz göstəricisidir.

Kazusdakı faktlardan göründüyü kimi hüquqi şəxsin əmlakının Cavabdeh1 tərəfindən dəfələrlə ucuz qiymətə satılması halı mövcuddur. Məhkəmənin də qeyd etdiyi qeyri-yaşayış binasının dəyərindən aşağı qiymətə satılması etibarsızlıq üçün əsas olmasa belə MM 49.4.2-ci maddənin tərkib hissəsini yaradır. Hüquqi şəxsin adından çıxış edən şəxs ona məxsus əmlakın bazar şərtlərindən əhəmiyyətli dərəcədə aşağı şərtlərlə və qiymətlə özgəninkiləşdirilməsi üçün məsuliyyət daşıyır2. Bu o deməkdir ki, hüquqi şəxsi təmsil edən şəxs mütləq surətdə onun maraqlarını ən effektiv şəkildə təmsil etməlidir. Hüquqi şəxsə məxsus əmlakın Cavabdeh1 tərəfindən dəyərindən dəfələrlə aşağı satılması hüquqi şəxsin maraqlarına tamamilə ziddir. Beləliklə, təsisçi ona nizamnamə ilə verilmiş hüquqlardan sui-istifadə edərək, hüquqi şəxsin həqiqi iradə ifadəsinə əks mövqe tutmuşdur.

2MM 49.2.4


III Mülki məsuliyyət və zərərin əvəzinin ödənilməsi; MM 21.2-ci maddənin tətbiqi

Mülki məsuliyyətin əsasını təşkil edən şərtlər qanunazidd əməl, zərər, təqsir və qanunazidd əməllə bu əməlin nəticəsi arasında səbəbli əlaqə olmasıdır. Qanunazidd hərəkətin, zərərin, bu şərtlər (qanunazidd hərəkət və zərər) arasında səbəb əlaqəsinin və təqsirin mövcudluğu şəxsin mülki-hüquqi məsuliyyətə cəlb olunması üçün əsas şərtlər hesab edilir. O hərəkət qanunazidd hesab olunur ki, o, hüququn imperativ normalarını və ya müqavilənin qanuni şərtlərini, eləcə də hüquqda birbaşa nəzərdə tutulmamış, lakin mülki qanunvericiliyin ümumi əsaslarına və mənasına zidd olmayan şərtləri pozur.

Şirkətin idarəetməsini həyata keçirən şəxsin mülki-hüquqi məsuliyyətinin digər şərti zərər vurmaqdır. Zərər dedikdə pul ilə ifadə olunan ziyanı başa düşmək lazımdır. Qanunvericiliyə əsasən zərər aşağıdakı komponentlərdən təşkil olunur:4

– hüququ pozulan şəxsin pozulmuş hüququnu bərpa etmək üçün etdiyi və ya edəcəyi xərclər, onun əmlakının itirilməsi və ya zərər yetirilməsi (real zərər);

– hüquqlarının pozulmadığı halda, şəxsin əldə edə biləcəyi gəlir (əldən çıxmış fayda). Yuxarıda qeyd olunanlara əsasən, Cavabdeh1 tərəfindən MM 49.3-cü maddəsinin pozuntusu baş tutmuşdur. İddiaçının təsisçi olduğu hüquqi şəxsin mülkiyyətində olan qeyri-yaşayış binasının Cavabdeh2 satılması nəticəsində hüquqi şəxsə dəymiş ziyan mövcuddur hansıki bu hüquqi şəxsin öz əmlakını itirməklə nəticələnmişdir. Bu qanunazidd əməl və zərər arasında birbaşa səbəb-nəticə əlaqəsi mövcuddur. Səbəb və nəticənin qarşılıqlı əlaqəsi – obyektiv mövcud olan hadisələrin qarşılıqlı əlaqəsinin növüdür. Bu da onunla xarakterizə olunur ki, konkret vəziyyətdə iki qarşılıqlı əlaqəsi olan hadisədən biri (səbəb) həmişə digərindən qabaq gəlir və onu doğurur, digəri isə (nəticə) həmişə birincinin fəaliyyətinin nəticəsi olur. Öz növbəsində təqsir isə Cavabdeh1-in qanundan irəli gələn öhdəliklərini lazımınca yerinə yetirməməsi nəticəsində baş tutmuşdur.

4MM 21.2-ci maddəsi


IV Nəticə;  İddiadakı boşluqlar

Kazusun faktlar hissəsində qeyd etdiyimiz kimi iddiaçı məhkəmədən daşınmaz əmlaka dair alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsini və onunla bağlı bir neçə qərarın çıxarılmasını tələb etmişdir. İddiaçının məhkəməyə iddia verərəkən etdiyi səhv qaldırdığı iddianın predmenti ilə bağlıdır. Belə ki, əgər iddiaçı əqdin etibarsız hesab edilməsinə dair iddia əvəzinə Cavabdeh1-in fidusiar öhdəliklərini lazımınca yerinə yetirməməsinə dair iddia qaldırsa idi çox böyük ehtimal məhkəmə tamamilə fərqli bir qərara gələrdi (iddiaçının lehinə qərar çıxara bilərdi).

Kasassiya məhkəməsinin Cavabdeh1-in iddiaçıdan xəbərsiz alqı-satqı müqaviləsi bağlaması ilə bağlı heç bir mövqe bildirmir. Buna səbəb isə iddiaçının iddiasının predmentinin əqdlərin etibarsızlığı ilə əlaqədar olmasıdır. Məhkəmə qarşısında qaldırılan məsələ Firmanın təsisçilərinin hüquq və vəzifələri deyildir. Məhz bu səbəbdən məhkəmə Cavabdeh1-in təsisçi və həmçinin Firmanın qanuni nümayəndəsi olaraq daşımalı olduğu öhdəlikləri və bu öhdəliklərin yerinə yetirilib-yetirilməməsini araşdırmır. Əks təqdirdə məhkəmə iddia predmentindən kənara çıxmış olardı. Lakin bununla belə Kasassiya məhkəməsi öz hüquqi əsaslandırmasında qısa qeyd edir:

“Hazırda “Kaskad” firmasının qanuni təmsilçisi iddiaçıdır. Əgər Cavabdeh1, yəni firmanın əvvəlki qanuni təmsilçisi təmsilçilik funksiyasını lazımi qayada yerinə yetirməyibsə (hüquqi şəxsin əmlakını dəyərindən aşağı qiymətə satıbsa, müqavilə üzrə əldə etdiyi pulu hüquqi şəxsin hesabına köçürməyibsə və s.), bunun nəticəsində “Kaskad” firmasına zərər vurulubsa, firma zərərin əvəzinin ödənilməsi üçün Cavabdeh1 qarşı iddia qaldıra bilər”.

Lakin məhkəmə bağlanılmış alqı-satqı müqaviləsini təfsir etməlidir. Buna əsasəndə tərəflərin müqavilə bağlamaqda əsas niyyətlərini müəyyən etməlidir. Müqavilə təfsirinin müxtəlif növləri vardır. Bunlara “obyektiv” və “subyektiv” təfsirdə aiddir. Obyektiv təfsir müqavilə şərtlərinin tərəflərin həqiqi niyyət və məqsədlərini təyin etmədən yalnızca şərtlərin sadə mənasını təfsir etmək nəzərdə tutur. Obyektiv təfsir zamanı hakim müqavilənin şərtlərini tərəflərin həqiqi iradə ifadəsinə əsasən təsfir etmir. Müqavilə şərtlərini olduğu kimi, normal şəraitdə kənar şəxs tərəfindən necə başa düşülərsə elədə təfsir edir.5 İngilis hüquq sistemi tamamilə obyektiv təfsiretməyə nümunədir. İngilis hüququ müqavilə təfsiri zamanı tərəflərin həqiqi iradə ifadəsinə və niyyətinə nəzər yetirmir. İngiltərə məhkəmələri, ümumiyyətlə, tərəflərin əslində nəyi nəzərdə tutmuş ola biləcəyinə dair subyektiv sübutlara münasibət bildirmir hansıki Azərbaycan məhkəmələrində bu açıq şəkildə fərqlənir. Bundan əlavə olaraq, subyektiv təfsiretmə isə tərəflərin müqavilə bağlanarkən yaranmış həqiqi(real) iradə ifadələrini şərh edir. Azərbaycan qanunvericiliyinə əsasən müqavilə təfsirinin məqsədi tərəflərin müqaviləni razılaşdırdıqları zaman ümumi niyyətə əsaslanan müqavilənin mahiyyətini müəyyən etməkdir.

İşin hallarından göründüyü kimi məhkəmə alqı-satqı müqaviləsini təfsir etməmişdir. MM 404.1-ci maddəyə əsasən məhkəmə yalnız müqavilənin hərfi mənasını(obyektiv təfsir) deyil, həmçinin tərəflərin iradə ifadəsinin həqiqi mənasını(subyektiv təfsir) müəyyənləşdirməlidir.6 Cavabdeh1 hüquqi şəxsə məxsus əmlakı öz bazar qiymətindən dəfələrlə aşağı satması, bu alqı-satqı barədə digər təsisçini xəbərdar etməməsi onun bu müqaviləni bağlamaqda olan həqiqi niyyətini göstərir.

5https://www.researchgate.net/publication/228183788_Interpretation_of_Contracts_Concluding_Comparative_Observations p.5

6MM 404.1


1 Comment on “Mülki Məcəllə 49.3; Fidusiar Öhdəliklər”

  1. Xəqan
    14.05.2023

    Olduqca maraqlı məsələdir. Çox sağolun

Rəy bildir

Your email address will not be published. Gərəkli sahələr * ilə işarələnmişdir